BAKI, 19 fevral. TELEQRAF

Təxminən 65 milyon il əvvəl dinozavrların nəsli kəsildi və Yer kürəsində meyvə ağaclarının çiçəkləndiyi bir mühit yarandı. Bu olay primatların təkamülünə səbəb oldu.

Teleqraf xəbər verir ki, bunu “Paleontology” jurnalında dərc olunan yeni araşdırma sübut edir.

Tədqiqatçılar dinozavrların nəslinin kəsilməsinin meyvələrin təkamülündə həlledici rol oynadığına dair nəzəriyyəyə yeni dəlillər tapıblar. Məsələn, sauropodlar adlanan nəhəng dinozavrlar qrupu ətraf mühiti ciddi dərəcədə dəyişdirərək ağacları məhv edib, bitki örtüyü yeyiblər.

Alimlərin fikrincə, dinozavrlar dövründə bitki toxumlarının ölçüsü kiçik, meyvələr isə nadir idi. Nəhəng dinozavrların ətraf mühitə təsiri o qədər güclü olub ki, onlar nəsli kəsildikdən sonra meşələr yenidən sıxlaşıb.

Uzun illər sonra tədqiqatçılar bunun böyük toxumlar və meyvələrin eksponensial artımına səbəb ola biləcəyi iddiasını irəli sürüblər. Çünki sıx meşələrdə işıq uğrunda rəqabət ağacları qonşularından daha hündür olmağa və sürətli böyüməyə sövq edirdi, ona görə də böyük toxumlardan əmələ gələn ağaclar bu baxımdan üstünlüyə malik idilər.

Sonralar iri toxumlar və meyvələr bir çox heyvanlar və primat əcdadlarımızın əsas qida mənbəyinə çevrildi. Ancaq bu nəzəriyyə fosillər tərəfindən təsdiqlənməyib.

“İlk baxışdan dinozavrların nəslinin kəsilməsi nəticəsində yaranan qaranlıq meşə örtüyü əhəmiyyətsiz görünsə də, meyvə yeyən primat əcdadlarımızın təkamülünə birbaşa təsir göstərə bilərdi”, - tədqiqatın həmmüəllifi Kristofer Douti deyir.

Yeni araşdırmada elm adamları daha qaranlıq meşə örtüyü səbəbindən toxum və meyvələrin ölçüsünün artdığı bir simulyasiya yaradıblar. Bu, 65 milyon il əvvəl dinozavrların yox olması ilə bağlı baş verənlərə uyğun gəlir.

Alimlərin sözlərinə görə, onların modelləri zamanla toxumlar və heyvanların ölçüsündə müşahidə olunan tendensiyaları dəqiq şəkildə təkrarlayır.