İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
“Netanyahu Ərdoğanla görüş təşkil etməyə çalışır. Bu səylər Türkiyə-İsrail münasibətlərinin isinməyə başladığı vaxta təsadüf edir”, - məlumatda bildirilir.
Nəşrin iddiasına görə, Netanyahunun ofisi bu görüşün keçirilməsi üçün böyük səy göstərib və yüksək səviyyəli İsrail rəsmisi bununla bağlı irəliləyiş əldə olunduğunu deyib.
Digər tərəfdən, bəzi diplomatik mənbələr prosesin müəyyən çətinliklərlə üzləşdiyini iddia edirlər. Məlumatda qeyd olunur ki, Prezident Ərdoğan Baş nazir Netanyahudan ölkələr arasında qaz əməkdaşlığı istiqamətində addım atmasını istəyir.
“Türkiyə İsraildən Avropaya qaz daşıyacaq bir boru xətti çəkmək istəyir”, - məlumatda bildirilir.
İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Binyamin Netanyahu mayın 28-də yenidən seçilən Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək təbrik edib və Ankara-Təl-Əviv əlaqələrinin davamlı inkişafı üçün arzularını çatdırıblar.