BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarının pozulması ilə bağlı çoxdan gözlənilən hesabatını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 48 səhifəlik hesabatda Sincanda yaşayan 23 uyğur, 16 qazax və 1 qırğız türkü ilə ətraflı söhbət aparıldığı, həmin şəxslərdə 26-nın 2016-cı ildən bəri müntəzəm olaraq ya qanunsuz həbs edildiyi, ya da əmək düşərgələrində zorla işlədildiyi bildirilib.
Hesabatda Sincan bölgəsində terrorizm və ekstremizmlə mübarizə adı altında ciddi insan haqları pozuntularının törədildiyi və bunların bəşəri cinayət ola biləcəyi vurğulanıb. Bildirilib ki, bölgədək təlim-tərbiyə düşərgələrində saxlanılanlarla rəftar narahatlıq doğurur, işgəncə, kobud rəftar və məcburi müalicə ilə bağlı xəbərlər etibarlı hesab edilir.
Əldə edilən sənədlərin qeyd olunan hüquq pozuntularının dəqiq hesabatını tərtib etmək üçün kifayət etməyəcəyi vurğulanıb, amma qeyd ediib ki, təlim-tərbiyə düşərgələrindəki ayrı-seçkilik mühiti Çində insan hüquqlarının pozulduğunu təsdiqləmək üçün kifayətdir.
Düşərgələrdə saxlanılan müsəlman azlıq nümayəndələrinin əsas insan hüquqlarından məhrum edildiyi qeyd edilib və əlavə edilib ki, dini kimlik, söz azadlığı, şəxsi toxunulmazlıq və hərəkət qanunsuz olaraq qadağan olunub.
Çinin Sincandakı zülm və ayrı-seçkilik tətbiqlərinin sərhədləri aşdığı, bir çox insanın həbslər və təlim düşərgələrində məcburi əməyə cəlb olunması səbəbiylə ailələrindən ayrı düşdüyü və ya zülmə görə ölkələrini tərk etmək məcburiyyətində qaldığı vurğulanıb.
Hesabatın sonunda Çin hökumətinə təlim düşərgələrində, həbsxanalarda və buna bənzər təcridxanalarda qanunsuz saxlanılanların dərhal azad edilməsi, Sincanda ailə üzvlərinin xəbər ala bilmədikləri insanların harada olmaları bardə məlumat vermək, terrorizmlə mübarizə, milli təhlükəsizlik və azlıqların hüquqları ilə bağlı qanunları nəzərdən keçirmək, təlim düşərgələrində hüquq pozuntularının dərhal araşdırılması və bölgədəki məscidlərin, məbədlərin və qəbiristanlıqların dağıdıldığı iddialarına konkret cavab vermək və s. çağırışı edilib.