Fransanın 50-dən çox şəhərində, xüsusən də paytaxt Parisdə prezidentliyə namizəd Marin Le Pen və radikal sağçılara qarşı nümayişlər keçirilib.
Teleqraf.com xəbər verir ki, aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq Le Penə səs verilməməsi tələbi ilə keçirilən nümayişdə “Nə Makron, nə Le Pen” kimi şüarlar səsləndirilib.
Parisin “Respublika” meydanında müxtəlif maddələr atan nümayişçilərə polis gözyaşardıcı qazla cavab verib. Fəallar zibil qutularını isə yandırıblar.

Nant şəhərində keçirilən aksiya zamanı polislə nümayişçilər arasında toqquşma baş verib. Polis etirazçılara qarşı bibər qazından istifadə edib, onların şəhər mərkəzinə girməsinə mane olub.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərə 9 200-ü Parisdə olmaqla ümumilikdə 22 min insan qatılıb.

30-dan çox həmkarlar ittifaqı nümayişlərlə bağlı və Le Pen əleyhinə birgə bəyanat qəbul edib.
Marin Le Pen isə açıqlamasında ifrat sağçılara qarşı nümayişlərin demokratik olmadığını bildirib.