İranın Sistan-Bəlucistan vilayətində polis və sərhəd xidmətinin birgə əməliyyatı nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə İran Sərhəd Mühafizə Xidmətinin komandiri, general Əhmədəli Güdərzi məlumatı verib. O qeyd edib ki, daxil olan operativ məlumat əsasında həyata keçirilən əməliyyat zamanı 436 kiloqram həşiş, 219 kiloqram tiryək, 31 kiloqram morfin olmaqla ümumilikdə 686 kiloqram narkotik vasitə aşkarlanaraq müsadirə edilib. Bundan başqa, qaçaqmalçılara məxsus radioəlaqə cihazları, mobil telefonlar da aşkar edilərək götürülüb.

İran polisi Zahidan-Tehran avtomobil yolunda da reydlər keçirib. Yük maşınlarının yoxlanılması zamanı 48 kiloqram narkotik vasitə aşkarlanıb. Sürücü həbs edilərək məsuliyyətə cəlb olunub.

Sistan-Bəlucistan vilayəti İranın cənubunda, Əfqanıstanla sərhəddə yerləşir. Vilayətə qaçaqmalçılıq yolu ilə ildə təxminən 15-20 ton narkotik vasitə daxil olur. Polis və sərhədçilər bunun yalnız bir hissəsini tuta bilirlər.

Beynəlxalq narkotrafik İran ərazisindən tranzit kimi istifadə edir. Narkotik vasitələr Əfqanıstandan İrana, buradan isə Türkiyə vasitəsilə Avropa ölkələrinə ötürülür. İran polisinin səylərinə baxmayaraq, bu marşrutla Avropaya ildə təxminən 8-10 ton narkotik vasitə daşınır.