Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanı Rusiyanı gec tanıdığına görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, Zelenski Almaniya Bundestaqına videomüraciətində köməyə görə təşəkkür edib, amma dəstək üçün atılan bir çox addımın vaxtı keçmiş və yetərli olmadığını vurğulayıb.

Ukrayna prezidenti Almaniya və Rusiya arasında sıx ticarət əlaqələrini, iki ölkə arasında “Şimal axını-2” qaz kəmərinin çəkilməsini xatırladıb.

Onun sözlərinə görə, dəfələrlə “Şimal axını-2”nin Ukrayna əleyhinə olduğunu Almaniyaya bildirib: “Amma həmişə mənə dəfələrlə bunun iqtisadi məsələ olduğunu dedilər”.

Zelenski həmçinin xatırladıb ki, alman siyasətçiləri daim Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıblar. Onun sözlərinə görə, Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı həmin vəziyyət təkrarlanır: “Çoxları üçün bu, siyasətdir, amma bu, yeni divarın daşıdır”.

“Bizə Avropadan kömək lazımdır”, - deyə Zelenski qeyd edib.

O vurğulayıb ki, Almaniyanın təklif etdiyi “hava körpüsü” ötən əsrin ortalarından fərqli olaraq həyata keçirilə bilməz, çünki göydən Ukraynaya ancaq rus raketləri gəlir.

Zelenski deyib ki, rus qoşunları hərbi və mülki obyektlər arasında fərq qoymur.

Zelenski çıxışını ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın SSRİ lideri Mixail Qorbaçova ünvanladığı məşhur sözləri ilə yekunlaşdırıb: “Cənab prezident, bu divarı yıxın. Və mən sizdən xahiş edirəm, hörmətli kansler, bu divarı yıxıb Almaniyaya layiq olduğu aparıcı rolu verəsiniz. Ukraynanı dəstəkləyin, bu müharibəni dayandırın, bizə bu müharibəni dayandırmağa kömək edin”.