Rusiya Prezidenti Vladimir Putinin xarici siyasətinin ideoloqlarından biri Aleksandr Duqinin açıqlaması Yunanıstanı narahat edib.

Teleqraf.com xəbər verir ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın son görüşünü dəyərləndirən Duqin iki prezident arasında ən ciddi fikir ayrılığının Krımla bağlı olduğunu deyib.

“Rusiyanın bu mövzuda güzəştə getməsi mümkün deyil. Krımı öz ərazisi olaraq görür. Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemlərinə bənzəyir. Biz Türkiyə-Yunanıstan məsələsinə qarışmırıq, Türkiyə də bizim Ukrayna ilə problemlərimizə qarışmasın. Əgər Türkiyə Krım iddiasından əl çəkərsə, Rusiya Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət olaraq tanıyacaq”, - Duqin qeyd edib.

Duqinin son ifadəsinə Yunanıstan mediasından kəskin təpki gəlib.

“Pentapostaqma” qəzeti Rusiya və Türkiyənin Aralıq dənizinin şərqindəki maraqlarına uyğun olaraq birləşdiklərini və qələbə zənglərinin onlar üçün çaldığını yazıb.

Nəşr Rusiya və Türkiyənin bölgədə maraqları olan güclər üçün ciddi başağrısına çevriləcəyini iddia edib. Mənbə Putin və Ərdoğan arasında dünya ictimaiyyətindən belə gizlədilən anlaşmaların əldə olunduğunu vurğulayıb.