BAKI, 27 avqust. TELEQRAF

“Biz Ermənistanın daxili işlərinə və onun hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilə etmirik”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs edilməsini şərh edərkən deyib.

“Ermənistanı qardaş ölkə hesab etməkdə davam edirik. Onun xalqı ilə bizi əsrlər ərzində (?) formalaşmış xüsusi münasibətlər bağlayır. Buna görə də orada baş verən siyasi proseslərə, xüsusilə də bunlar bu və ya digər şəkildə ikitərəfli münasibətlər və ölkəmizlə bağlı şüarlar altında cərəyan edərkən, laqeyd qala bilmərik.

Təəssüf ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla görüşü zamanı diqqəti çəkdiyi mənfi tendensiya davam edir. Söhbət, xüsusilə Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunmasının və möhkəmləndirilməsinin tərəfdarı olan siyasi qüvvə və xadimlərə qarşı real təzyiqlərin gücləndirilməsindən gedir. Bu, iyun ayında keçirilmiş parlament seçkilərində açıq şəkildə ifadə olunan Ermənistan cəmiyyətinin Rusiya ilə ikitərəfli əlaqələrin ardıcıl inkişaf etdirilməsi tələbi ilə açıq-aşkar ziddiyyət təşkil edir. Bu isə Ermənistanın güc strukturları tərəfindən həyata keçirilən sözügedən tədbirlərin siyasiləşdirilmiş xarakter daşıdığını düşünməyə əsas verir”, - o bildirib.

Zaxarova əlavə edib ki, Ermənistan hakimiyyətinin bu cür dağıdıcı xətti İrəvanın Rusiya ilə münasibətləri pisləşdirmək istiqamətində addımlar atmadığı barədə ictimai bəyanatları ilə kəskin ziddiyyət təşkil edir.

Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə iki aylıq həbs edilib. Serj Sərkisyan da təqsirləndirilən şəxs qismində bu cinayət işinə cəlb olunub və ölkədən çıxışına qadağa qoyulub.