BAKI, 27 avqust. TELEQRAF
“Kərki, Yuxarı Əskipara və Barxudarlı anklav kəndləri Azərbaycana məxsusdur, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil deyil”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanın 29 743 kvadrat kilometr ərazisi beynəlxalq səviyyədə tanınıb və bu hesablamaya Azərbaycanın üç anklav kəndi daxil deyil. Bütün bunlarla üzləşməsək, bu o demək olacaq ki, biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29 743 deyil, məsələn, 29 755 kvadrat kilometr olduğunu iddia edirik, bu da müharibə elan etmək demək olardı”, - Baş nazir bildirib.
Paşinyan həmçinin qeyd edib ki, qanunauyğun şəkildə həmin anklavları öz adları ilə adlandırır, ermənilər tərəfindən verilən qondarma isimlərlə yox. Baş nazir buna misal olaraq Kərkini göstərib.
Ermənistan rəhbəri anklavlar məsələsinin sərhədlərin delimitasiyası çərçivəsində həll olunacağını qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl də 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan ərazisi olmadığını bəyan etmişdi. Bununla belə, Ermənistan Baş nazirinin adını çəkmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər daxilindədir.