BAKI, 27 avqust. TELEQRAF

“Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müzakirələrində iştirak etməsə də, de-yure hələ də təşkilatın üzvü olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov deyib.

“Bu məsələni çoxdan müzakirə edirik. Hazırda Ermənistan faktiki olaraq KTMT çərçivəsində məsələlərin müzakirəsində iştirak etmir, öz nümayəndələrini, hərbçilərini və KTMT Katibliyinin əməkdaşlarını kvota üzrə vəzifələrə göndərmir və artıq üçüncü ildir üzvlük haqlarını ödəmir. Amma de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalırlar”, - o qeyd edib.

Baş katibin sözlərinə görə, Ermənistan KTMT-nin inkişafına ciddi töhfə verib, erməni xalqı isə müxtəlif dövrlərdə ölkə rəhbərliyinin bütün təşəbbüslərini dəstəkləyib.

Masadıkov qeyd edib ki, Ermənistanın KTMT-dən çıxarılması qərarı ölkələrin ali komandanlarının səlahiyyətindədir, amma bütün hallar nəzərə alınmalıdır.

O əlavə edib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyan bunu bəyan edibsə, çox güman, fərqli gündəmləri var: “Siyasətçilər məhz bu məsələni qaldırmaq, müzakirəni qızışdırmaq və sonra onu yerə qoymaq üçündür”.

Nikol Paşinyan bundan əvvəl ölkənin KTMT-dən çıxmasının tərəfdarı olduğunu və bunun baş verməsindən məmnun qalacağını bildirmişdi: “Bu, İrəvanı təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək”.