BAKI, 25 avqust. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə təqdimetmə prosesinin tezliklə başlayacağını elan edən Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə, istiqamət dəyişdirmənin ağır bədəli ilə üzləşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazıb.

“Avropa İttifaqına üzvlük və onunla tamhüquqlu ticarət əlaqələrinin başlaması illər, bəlkə də onilliklər çəkəcək. Bütün bu müddət ərzində gül və kənd təsərrüfatı məhsullarının ixrac səviyyəsi olduqca aşağı olacaq. Əvvəlki kimi, Avropa İttifaqının boynundan asılı qalacaq, vədlərə baxmayaraq, qalıq prinsipi əsasında kömək ediləcək”, - nəşr bildirib.

“İzvestiya” qeyd edib ki, Aİ-nin öz iqtisadi vəziyyətinin pisləşməsi fonunda imkanları sonsuz deyil, hətta Ermənistansız belə, doqquz ölkə üzvlüyə namizəd statusuna malikdir: “Məsələn, Türkiyə 1987-ci ildən bəri növbədə gözləyir. Başqa sözlə, Nikol Paşinyanın qərbyönlü hökumətinin əldə edəcəyi siyasi faydalar və Baş nazirə göstəriləcək şəxsi dəstək ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsi bahasına başa gələcək”.

Rusiya nəşri hesab edir ki, İrəvanın səylərinə baxmayaraq, Ermənistan Avropa İttifaqına üzvlük məqsədlərinə çata bilməyəcək.