BAKI, 20 avqust. TELEQRAF
“Ermənistan Rusiya ilə müvafiq qurumlar arasında tam şəffaflığa və birgə yoxlamalara hazırdır, amma iqtisadi əlaqələrin şaxələndirilməsi yolu dəyişməz olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Rusiya tərəfinin yoxlamalar və pozuntuların aradan qaldırılması proqramları ilə bağlı gözləntilərini şərh edən Paşinyan İrəvanın açıq əməkdaşlığa hazır olduğunu vurğulayıb:
“Bizim mövqeyimiz açıqdır: əgər Rusiyanın müvafiq qurumlarının sualları və ya problemlərlə bağlı konkret məlumatları varsa, tamamilə açığıq, gəlsinlər, birlikdə yoxlayaq. Amma elə indi, bir saatdan sonra Rusiya bazarı yüz faiz açılsa belə, biz yenə də şaxələndirmə istiqamətində əlavə səylər göstərməyə davam edəcəyik. Bu, özümüzü birdəfəlik belə vəziyyətlərdən sığortalamaq və bir istiqamətdən asılı vəziyyətə düşməmək üçün lazımdır”.
Xatırladaq ki, Rusiya Ermənistandan bəzi məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Qadağa “Cermuk” mineral suyunun, çəyirdəkli meyvələrin, üzümün, gilasın, albalının, əriyin, gavalının, şaftalının və nektarinin tədarükünə şamil olunub. Rusiya bunu Ermənistan məhsullarının standartlara uyğun olmaması ilə əlaqələndirərək, yoxlamaların aparılmasının zəruriliyini bildirib. Avropa İttifaqı bundan sonra Ermənistanın kənd təsərrüfatı istehsalçılarına bütün zəruri yardımı göstərəcəyinə söz verib.