BAKI, 9 iyun. TELEQRAF

“Ermənistan vətəndaşları bütün ölkəni seçki rüşvətinə qərq etməyə çalışan oliqarxik qüvvələri darmadağın etdi, ayağının altına alıb əzdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vaaqn Aleksanyan jurnalistlərlə söhbətində radikal müxalifət qüvvələrinin saxtakarlıq ittihamlarını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, müxalifət absurd tezislər irəli sürür.

Aleksanyan “Güclü Ermənistan” blokunun baş nazirliyə namizədi Samvel Karapetyan və qardaşı oğlu Narek Karapetyanın saat 20:01-də, seçki qutularının açılmadığı vaxtda canlı yayıma çıxdığını və Baş nazir Nikol Paşinyanın məğlubiyyətini elan etməyə tələsdiyini vurğulayıb. O, minlərlə seçki məntəqəsindən real məlumatlar əldə edərək qələbəsini yalnız saat 2:30-da elan edən baş nazirə qarşı şikayətləri “absurd” adlandırıb: “Onlar “hökumətin məğlubiyyəti”ni saat 20:01-də, bülletenlər sayılmadan elan edə bilər, biz altı saat sonra, konkret rəqəmlərlə Paşinyanın qələbəsindən danışa bilmərik?”.

Aleksanyan əlavə edib ki, hakim partiya əvvəlki nəticəsini yaxşılaşdıraraq 727 000 səs toplayıb, İrəvanın bütün inzibati rayonlarında, eləcə də Gümrüdə ciddi artım qeydə alıb.