BAKI, 7 iyun. TELEQRAF
Ermənistanda parlament seçkilərinin başladığı ilk saatlarda iki seçki məntəqəsinin sədri və bir katibin işə gəlmədiyi məlum olub və onların gecə saatlarında həbs edildiyi üzə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vahaqn Hovakimyan brifinqdə məlumat verib.
MSK sədrinin sözlərinə görə, səsvermə başlayan zaman bəzi məntəqə rəhbərlərinin gəlməməsi birbaşa cinayət-hüquqi proseslə bağlı olub:
"Bizə daxil olan rəsmi bildirişə görə, iki məntəqə sədri və bir katib gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar".
V.Hovakimyan həbslərin səbəbini açıqlamasa da, rəhbər heyətin yoxluğuna baxmayaraq səsvermə prosesinin dayandırılmadığını, dərhal yeni təyinatların aparıldığını və seçkilərin normal qaydada davam etdiyini vurğulayıb.