BAKI, 18 may. TELEQRAF
“Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarukyanın rəhbərlik etdiyi siyasi qüvvələr iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində minimum həddi keçə bilməyəcəklər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Üç əsas müxalifət partiyasının minimum həddi keçməkdə problemi olduğu göz qabağındadır. Qaqik Sarukyan köhnə resursu hesabına 4 faizlik həddi keçməyə çalışmaq üçün iştirak edir. “Ermənistan” blokunun da bunu keçməyəcəyi göz qabağındadır. Əminəm ki, 100 min səs qeyri-mümkündür. Bunun üçün Robert Köçəryan başını əyməyə, diz çökməyə, xoş sözlər deməyə hazırdır”, - o bildirib.
Alen Simonyan rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının da eyni aqibətlə üzləşəcəyini qeyd edib:
“Həmçinin kaluqalı Samvel Karapetyan hökumətin 300 min azərbaycanlını geri qaytarmağı planlaşdırdığını deyəndə yalan danışır. Mən onu yalan danışmaqda ittiham edirəm. Əgər onun bu qədər pulu varsa, özünə bu qədər əmindirsə, məni məhkəməyə verməsini təklif edirəm. Hər dəfə danışanda reytinqi düşür, bizimki isə yüksəlir”.
Parlament sədri “Qarabağ klanı”nı (Robert Köçəryan-Serj Sərkisyan tandeminin rəhbərlik etdiyi radikal qüvvələr – red.) Baş nazir Nikol Paşinyanı öldürməyə cəhddə ittiham edib.
Simonyan Ermənistan Baş nazirini təhdid və təhqir edən beş maskalı silahlının videosunu belə şərh edib:
“Bu insanlara baxın. Siz “Qarabağ klanı”nın alçaq ünsürləri, axmaqlar, siz dövlətçiliyimizin və müstəqilliyimizin düşmənlərisiniz, bu dəfə qaça bilməyəcəksiniz”.
Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi qeyd olunan məsələ üzrə cinayət işi açıb.