BAKI, 15 may. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyanı "satqın" adlandıran bloger Artak Avetisyan barəsində bir aylıq həbs qərarı verilib.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan bildirib.
"Bu yaxınlarda A. Avetisyanın həbsi ilə bağlı vəsatətə baxılması başa çatdı. Məhkəmənin həbs qətimkan tədbiri tətbiq etməyəcəyinə böyük ümidimiz var idi, lakin təəssüf ki, tətbiq etdi. İki aylıq deyil, bir aylıq həbs qərarı verildi, lakin bunu əhəmiyyətli fərq hesab etmirəm",- o vurğulayıb.
Qeyd edək ki, Artak Avetisyan mayın 12-də saxlanılıb. Hadisə Nikol Paşinyanın İrəvanın Şenqavit rayonunda keçirdiyi seçkiqabağı kampaniya zamanı baş verib. Sözügedən rayonda yaşayan bloger baş nazirə yaxınlaşaraq onu "satqın" adlandırıb.