BAKI, 6 aprel. TELEQRAF

Ermənistan və Türkiyə arasında iki sərhəd-keçid məntəqəsi bir neçə ay ərzində istifadəyə verilə bilər. Ermənistan artıq lazımi hazırlıq işlərini başa çatdırıb, Türkiyə isə son mərhələdədir.

Teleqraf xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Nəşr bildirib ki, onilliklər davam edən düşmənçilikdən sonra iki ölkə 1993-cü ildən bəri bağlı olan sərhədi açmağa çox yaxındır:

“Sərhədin açılması Ankara ilə münasibətləri normallaşdırmağa çalışan Ermənistan Baş naziri Nikol Paşinyan üçün böyük siyasi qələbə olardı. Əgər keçid məntəqələri iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl açılsa, bu, onun xeyrinə ciddi arqumentə çevriləcək. Paşinyan illərdir Türkiyə ilə yaxınlaşma və Qərblə inteqrasiyaya nail olmaq üçün səylər göstərir.

Hazırda iki ölkə arasında ticarət dövriyyəsi Gürcüstan ərazisindən keçən dairəvi marşrutla həyata keçirilir, illik təxminən 300-350 milyon dollar təşkil edir. Türkiyə-Ermənistan Biznes Şurasının sədri Kaan Soyak əmindir ki, birbaşa əlaqə ticarət dövriyyəsinin bir milyard dollara çatmasına imkan verəcək”.

Məqalədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək “Tramp Marşrutu”nun açılması səylərinə də diqqət çəkilib.