BAKI, 6 aprel. TELEQRAF

“Azərbaycan Gürcüstanın qonşusu və strateji tərəfdaşıdır və ölkəmizin müstəqilliyi dövrü boyunca bizimlə strateji münasibətləri təsdiqləyib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı Tengiz Şarmanaşvili Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə səfərini qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, İlham Əliyevin Gürcüstana səfəri mövcud münasibətlərin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan çətin zamanlarda Gürcüstanın yanında olub. Əlbəttə, Azərbaycandan başlayaraq Gürcüstan üzərindən Türkiyə vasitəsilə Avropaya gedən strateji boru kəmərləri məhz bu strateji tərəfdaşlığın əsas göstəricilərindən biridir. O vaxtdan bəri ölkələr arasında xüsusi münasibətlər davam edir, daha da möhkəmlənir, xüsusilə də Qafqazda hamımızın sülh proseslərinin tərəfdarı olduğu şəraitdə. Ümid edirəm ki, bu möhkəm sülh artıq tam formalaşıb. Əlbəttə, belə bir vəziyyətdə İlham Əliyevin Gürcüstana səfəri mövcud münasibətlərin daha da gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir”, - Şarmanaşvili bildirib.