BAKI, 22 mart. TELEQRAF

Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Sxum-Abxaziya mitropoliti II İliya Sioni kafedral kilsəsində dəfn edilib.

Teleqraf xəbər verir ki, dəfn mərasimi Tbilisidə böyük izdihamla müşayiət olunub.

Mərasim başa çatdıqdan sonra Ümumdünya Patriarxı, həmçinin Gürcüstan Prezidenti, parlamentin sədri, Baş nazir və "Gürcü arzusu" partiyasının fəxri sədri kilsəyə toplaşanlara müraciət ediblər. Dəfn mərasimində müxtəlif dini konfessiyaların nümayəndələri, diplomatik korpusun üzvləri və dünyanın bir çox ölkələrindən gələn nümayəndə heyətləri iştirak ediblər.

Xatırladaq ki, Bütün Gürcüstanın 141-ci Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib.

***

11:51

Tbilisidəki Müqəddəs Üçlük (Sameba) kafedral kilsəsində Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Sxum-Abxaziya mitropoliti II İliya ilə vida və dəfn mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, kilsədə dini ayinlər və xüsusi liturgiya səhər saat 09:00-dan etibarən başlayıb.

Vida mərasimində Gürcüstanın Baş naziri, Prezidenti, Tbilisi şəhərinin meri, hökumət üzvləri və parlament nümayəndələri iştirak edirlər. Həmçinin kilsənin ətrafına minlərlə vətəndaş toplaşaraq ölkənin mənəvi lideri ilə vidalaşır.

Mərasimin proqramına əsasən, II İliya bu gün Sioni kafedralında torpağa tapşırılacaq. Bildirilib ki, dəfn zamanı kilsəyə kənar şəxslərin girişi məhdudlaşdırılacaq və həmin an məkanda yalnız ali ruhanilər iştirak edəcəklər.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Tbilisidədir və rəsmi qonaq qismində vida mərasimində iştirak edir.