BAKI, 27 fevral. TELEQRAF

“Avropa İttifaqı Gürcüstan xalqı üçün demokratik, sabit və Avropa gələcəyini təmin etmək üçün səylərini əsirgəməyəcək. Gürcüstandakı bütün siyasi aktyorları bu məqsədə doğru çalışmağa çağırırıq”.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Gürcüstan müxalifətinə ünvanladığı məktubda bildirib.

O yazıb ki, Gürcüstanda baş verən son mənfi hadisələr fonunda Avropa İttifaqı (Aİ) sərt reaksiya verib və Gürcüstan hakimiyyətini jurnalistlər, fəallar və haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

Leyen bildirib ki, Avropa Komissiyasının təklifinə uyğun olaraq, Avropa Şurası Gürcüstanla sadələşdirilmiş viza rejimini qismən dayandırıb:

“Gürcüstanda baş verən son mənfi hadisələri nəzərə alaraq, Aİ Gürcüstan hakimiyyətini bütün jurnalistlər, fəallar və haqsız yerə saxlanılanları azad etməyə çağırır. Seçki pozuntuları, dinc etirazçılara qarşı zorakılıq, repressiv qanunvericiliyin qəbul edilməsi və məhkəmə sisteminin repressiya aləti kimi istifadəsindən narahatlığımızı bildirmişik. Bu hərəkətlər Aİ-nin fundamental dəyərlər və prinsiplərinə ziddir.

Mövcud hadisələrə cavab olaraq, komissiya hakimiyyətə ikitərəfli maliyyə dəstəyinin dayandırılması və siyasi əlaqələrimizin məhdudlaşdırılması kimi müəyyən tədbirlər görüb. Bundan əlavə, komissiyanın təklifi əsasında şura Gürcüstanla viza müqaviləsini qismən dayandırıb ki, bu da Gürcüstanın diplomatik-xidməti pasport sahiblərinə təsir edib. Avropa Şurasının 2024-cü ilin iyun və oktyabr aylarında bildirdiyi kimi, Gürcüstanın üzvlük prosesi faktiki olaraq dayandırılıb”.

Avropa Komissiyasının prezidenti vurğulayıb ki, Gürcüstan idarəetmə, qanunun aliliyi, viza qaydalarına riayət və korrupsiyaya qarşı mübarizə kimi əsas meyarlarda daha da geriləyib.

O əlavə edib ki, Aİ Gürcüstana qarşı bir neçə addım atmaq niyyətindədir:

“Birinci mərhələdə vizaların dayandırılması diplomatik, xidməti və rəsmi pasport sahiblərinə tətbiq edilib, ikinci mərhələdə isə bütün əhaliyə şamil edilə bilər. Üzv dövlətlər Gürcüstana qarşı potensial əlavə tədbirləri də müzakirə edirlər. Üzvlər arasında sanksiyalarla bağlı razılığa gəlinməsə də, demokratiya və insan hüquqlarının pozulmasına görə məsul olanların cəzalandırılması ilə bağlı müzakirələr davam edir”.