BAKI, 24 fevral. TELEQRAF
“Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasını istəmir”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Yuri Avaqyan deyib.
ABŞ ilə yeni atom elektrik stansiyasının tikintisi layihəsinə diqqət çəkən ekspert bildirib ki, bu, siyasi layihədir və Rusiyanın Ermənistandakı rolunu daha da azaldacaq.
Avaqyan Ermənistanda Moskvaya bağlı siyasi qüvvələrin “Tramp Marşrutu” ilə bağlı səsləndirdiyi tənqidlər barədə qeyd edib:
“Onların Avropa İttifaqının müşahidəçiləri Ermənistana gələndə dediklərini xatırlayırıq: insanların qorxularından istifadə etmək və prosesi dayandırmaq üçün İran amilindən istifadə edirdilər. İqtisadi layihəni İrana qarşı “hərbi təhdid” kimi təqdim edirlər, halbuki TRIPP sırf iqtisadi prosesdir”.
Politoloq əlavə edib ki, sərhədlərin açılması Ermənistan üçün müsbət olsa da, Rusiya məsələyə belə yanaşmır: “Blokadanın qalxması onlara sərf etmir. İllərdir münaqişə və sərhədlərin bağlı qalmasından istifadə edirdilər. Rusiya sülhdən faydalanmır”.
Yuri Avaqyan Azərbaycanla bağlı isə söyləyib ki, Moskvanın artıq Bakıya təsir imkanları mövcud deyil:
“Rusiyanın Azərbaycanı cilovlamaq imkanı yoxdur, bunu bunu edə biləcəyi arxitekturası işə yaramadı”.