BAKI, 16 fevral. TELEQRAF

Hakim “Gürcü Arzusu” Partiyası Cinayət Məcəlləsinə dövlət orqanlarına qarşı sistemli itaətsizliyə təhrik etməyə görə üç ilə qədər həbs cəzası nəzərdə tutan düzəlişlər təqdim edib.

Teleqraf xəbər verir ki, düzəlişlər Gürcüstan Parlamentinin Hüquq Komitəsinin sədri Arçil Qorduladze tərəfindən təqdim olunub.

“Qrantlar haqqında” adlı qanun layihəsi Gürcüstanda iğtişaşların gizli şəkildə maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutur. Qanunvericilik paketi həmçinin Cinayət Məcəlləsinə dəyişiklikləri də əhatə edir. Hakim partiya bu dəyişiklikləri ikinci oxunuş mərhələsində əlavə etməyi qərara alıb və onlar hakimiyyətin legitimliyinin tanınmaması məsələsinə aiddir.

Qorduladzenin iclasda bildirib ki, ölkədə Konstitusiya və Konstitusiya quruluşunu sistemli şəkildə tanımayan şəxslər mövcuddur. Onlar öz hərəkətləri ilə faktiki olaraq Gürcüstanın suverenliyinə təhlükə yaradırlar. Eyni zamanda, Gürcüstanda qərarların gürcü xalqı tərəfindən qəbul edilməsi prinsipini - demokratiyanın ən vacib prinsiplərindən birini tanımırlar”.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin Konstitusiya quruluşu ilə bağlı ekstremizm haqqında maddənin əlavə edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliklərə əsasən, qanunun kütləvi şəkildə pozulması, dövlət orqanlarına kütləvi itaətsizlik və alternativ hakimiyyət orqanlarının yaradılmasına sistemli və açıq çağırışlara görə cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmçinin özünü və ya başqalarını özbaşına hakimiyyət nümayəndəsi elan etmək də cinayət məsuliyyəti yaradacaq. Bu norma cəmiyyətdə Konstitusiya quruluşunun qeyri-legitimliyi barədə təsəvvür formalaşdırmağa yönəlmiş və dövlət maraqlarına zərər vuran hərəkətlərə şamil ediləcək.

Bundan əlavə, Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarla bağlı 53-cü maddəsinə Konstitusiya quruluşu və ya Konstitusiya orqanlarını tanımamaqla bağlı cinayət törədilməsini müəyyən edən bənd əlavə edilməsi planlaşdırılır. Əgər cinayətin törədilməsində belə motiv aşkar edilərsə, həbs müddəti azı bir il artırılacaq.