BAKI, 10 fevral. TELEQRAF

“Tramp Marşrutu”nda gömrük xidməti fəaliyyət göstərəcək, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğu üçün bu zaman birliyin bütün hüquqi sistemi tətbiq olunacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan deyib.

“Burada hazırda yeganə fərqləndirici məqam səslənən “front ofis” və “bək ofis” terminləridir. Bu sözlər bir çoxlarında suallar yaradıb, amma bu da xüsusi istisna deyil, əksinə gömrük xidməti üçün gələcək modeldir”, - o vurğulayıb.

Akopyan bildirib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində sərhəd-keçid məntəqələrindəki bütün rentgen qurğularını monitorinq etməyə imkan verəcək mərkəz yaradılacaq.

“Yəni yüklər müvafiq rentgen cihazından keçəcək və həmin sistem ya analitik, ya da süni intellekt vasitəsilə təhlil aparacaq və hansı yüklərin yoxlanılmalı olduğunu seçəcək. “Front ofis” və “bək ofis” anlayışları məhz bu məntiqə əsaslanır. Burada “bək ofis” risklərin idarə olunması sistemidir. Bütün məqsəd ondan ibarətdir ki, bu proseslərin nəticəsində insanlarla təmas getdikcə azalsın”.