BAKI, 9 fevral. TELEQRAF
“Hazırda Ermənistan üçün 200 milyon dollarlıq TRIPP (“Tramp Marşrutu”) da daxil olmaqla, 1 milyard dollara yaxın investisiya layihələri mövcuddur, bunlar çox əhəmiyyətlidir, bəziləri artıq icra mərhələsindədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
ABŞ-nin Ermənistanın cənubunda uran mədənləri ilə maraqlandığı barədə iddiaya nazir belə cavab verib:
“Bu, Ermənistan tarixi üçün misilsizdir. Yeni investisiya layihələri mümkündürmü? Əlbəttə, bunlar istədiyimiz və görmək istədiyimiz layihələrdir. ABŞ-nin vitse-prezidenti (Ceyms Devid Vens) gələcək, danışıqlar aparılacaq. Digər detallar və uran məsələsinə gəlincə, bu barədə məlumatlı deyiləm”.
Ermənistanda ABŞ modeli üzrə modul atom elektrik stansiyasının inşa olunacağı barədə danışıqlarla bağlı Papoyan qeyd edib ki, müxtəlif ölkələrlə, o cümlədən ABŞ ilə müzakirələr aparılır.
İqtisadiyyat naziri TRIPP barədə söyləyib: “TRIPP artıq irəli gedir, heç kim ona mane ola bilməz”.
Rusiyanın TRIPP-də iştirak edib-etməyəcəyi barədə Gevorq Papoyan vurğulayıb: “TRIPP-də iki tərəf var - ABŞ və Ermənistan”.