BAKI, 6 fevral. TELEQRAF

“Ermənistanın Qərblə yaxınlaşması və xarici siyasət əlaqələrini şaxələndirməsi Moskva-İrəvan münasibətlərində yeni çağırışlar yaradır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Hazırda Avropa İttifaqı Rusiyaya qarşı düşmənçilik siyasəti aparır və açıq şəkildə öz tərəfdaşlarına siqnallar verir ki, bu siyasəti, sanksiyaları dəstəkləsinlər. Əlbəttə, bu, münasibətlərimizdə yeni çağırışlar yaradır və hər iki tərəfdən çox ağıllı, ölçülü, müdrik yanaşma, strateji uzaqgörənlik tələb edir”, - diplomat bildirib.

O vurğulayıb ki, bu vəziyyət ikitərəfli münasibətlərin yeni reallıqlara uyğunlaşdırılmasını tələb edir.

Kopırkin həmçinin qeyd edib ki, iki ölkə arasında dəmir yolu sahəsinin inkişafı sahəsində əməkdaşlıq nəzərə alınmaqla, Moskva “Tramp Marşrutu” layihəsinə Rusiyanın qoşulma imkanlarını müzakirə etməyə hazırdır.

Səfir əlavə edib ki, Rusiyada “Tramp Marşrutu” ətrafında baş verənləri diqqətlə izləyirlər.