BAKI, 6 fevral. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Ermənistan-Aİ ikitərəfli əlaqələrinin gələcək inkişaf perspektivləri əsas müzakirə mövzusu olub.
Görüşün mühüm hissəsi Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinə və regiondakı son hadisələrə həsr olunub. Armen Qriqoryan Aİ nümayəndəsinə Ermənistanın regionda kommunikasiyaların bərpası və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi proqramlar barədə ətraflı məlumat verib.
Təhlükəsizlik Şurasının katibi həmçinin rəsmi İrəvanın sülhün institusionallaşdırılması, yəni davamlı və hüquqi əsaslara malik sülh mühitinin yaradılması istiqamətində göstərdiyi səyləri vurğulayıb. Maqdalena Qrono öz növbəsində Aİ-nin regionda sabitliyin təmin olunmasına və tərəflər arasında etimadın qurulmasına dəstəyini ifadə edib.