BAKI, 21 yanvar. TELEQRAF
“Gürcüstanın demokratik müxalifəti yeni, azad seçkilərin keçirilməsi ilə bağlı tələb ətrafında birləşib”.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müxalif Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Laşa Farulava məlumat verib.
“Demokratik müxalifət bu əsas tələblərdə həmrəydir - siyasi məhbusların azad edilməsi, terror və repressiyaların dayandırılması və İvanişvilinin rus rejimi olmadan keçirilməli olan yeni, azad seçkilər. Bu, bizim tələbimizdir. Bu tələblərə nail olmaq üçün konkret addımlar atılmalıdır və bu addımlarla bağlı mübarizəmizi daha effektiv edəcək plan üzərində işləyirik. Nəticə ondan ibarət olacaq ki, İvanişvili təkcə geri çəkilməyəcək, biz onu hakimiyyətdən uzaqlaşdıracağıq.
Bir daha təkrar edirəm, bizim tələbimiz repressiya və terrorun dayandırılması, siyasi məhbusların azad edilməsi və yeni, azad seçkilərlə bağlıdır, bütün demokratik cəmiyyət bu tələblər ətrafında birləşib. Söhbət konkret addımlar, üzərində işlədiyimiz ümumi fəaliyyət planından gedir”, - o bildirib.