“Tramp Marşrutu” və ya TRIPP layihəsində Ermənistan və ABŞ-dən başqa heç bir səhmdar olmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya və Türkiyənin layihəyə səhmdar kimi cəlb edilməsi ilə əlaqədar deyib.
Baş nazirin sözlərinə görə, TRIPP layihəsi yaradılacaq şirkətin səhmdarlarının ABŞ və Ermənistan olmasını nəzərdə tutur. Başqa səhmdarların cəlb edilməsi məsələsi ortaya çıxsa, bu yalnız iki ölkənin razılığı ilə həyata keçirilməlidir.
“Mənim mövqeyim belədir ki, TRIPP-də başqa səhmdarlar olmamalıdır. Amma TRIPP başqa infrastruktura da bağlıdır, söhbət Transxəzər dəhlizindən gedir. Bu, çoxsaylı dəmir yolu, qaz-neft kəmərləri, elektrik xətləri və sairəni nəzərdə tutur. Bütün bu infrastruktura fərqli investorlar cəlb oluna bilər”, - Paşinyan qeyd edib.
Baş nazir Rusiya ilə bağlı bildirib ki, İrəvan Yerasx və Axurik, həmçinin İcevanda dəmir yolunun tezliklə bərpasını ümid edir.
Paşinyan vurğulayıb ki, “Tramp Marşrutu” digər ölkələr üçün müxtəlif sahələrdə yeni imkanlar yaradır və onlar bu imkanlardan istifadə edə bilərlər.