BAKI, 15 yanvar. TELEQRAF
“Azərbaycandan dörd erməni məhbusun Ermənistana qaytarılması ilə iki suriyalının Dəməşqə təhvil verilməsi arasında əlaqə yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu iki hadisə bir-biri ilə əlaqəli deyil. Biz Suriya ilə münasibətlərimizi də inkişaf etdirmək istəyirik, bunun üçün çalışırıq. Suriya ilə bağlı dostcasına verilən bu qərarın Suriyadakı erməni icması ətrafındakı atmosferi daha əlverişli edəcəyinə ümid edirik”, - baş nazir bildirib.
Xatırladaq ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslər Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyan dünən Ermənistana təhvil verilib. Proses Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün əməli nəticəsi kimi həyata keçirilib.
Ermənistan Ədliyyə Nazirliyi dünən həbsdə olan iki Suriya vətəndaşının Türkiyə vasitəsilə Dəməşqə təhvil verildiyini açıqlamışdı.