BAKI, 16 dekabr. TELEQRAF
“TRIPP (və ya “Tramp yolu”) layihəsi çərçivəsində Ermənistanın cənubunda tikiləcək yeni dəmir yolu “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin balansında olmayacaq. Amma Rusiyanın layihədə iştirakı hər iki tərəfin razılığı ilə müzakirə edilə bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan bildirib.
“Ermənistanın mövcud dəmir yolu xətləri “Cənubi Qafqaz Dəmir Yolları”na (Rusiya Dəmir Yollarının törəmə şirkəti – red.) məxsusdur. “Tramp yolu” layihəsi daxilindəki 43 kilometrlik dəmir yolu TRIPP şirkətinə məxsus olacaq (layihənin bir hissəsi kimi yaradılması planlaşdırılır - red.)”, - komitə rəhbəri deyib.
Xandanyanın sözlərinə görə, hazırda Ermənistan və ABŞ arasında TRIPP layihəsi ilə bağlı danışıqlar aparılır: “Müvafiq sazişlərdə nəzərdə tutulduğu kimi, gələcəkdə tərəflər və ya şirkətlərin bura daxil edilməsi müzakirə olunacaq”.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bundan əvvəl söyləmişdi ki, Moskva “Tramp yolu” layihəsinin detalları və burada Moskvanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
Kaluqinin iddiasına görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alındıqda, Rusiyanın iştirakı olmadan bu layihənin həyata keçirilməsi çətin olacaq.