BAKI, 6 dekabr. TELEQRAF

“ABŞ Co Baydenin prezidentliyi dövründə Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə edib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili ABŞ dövlət katibinin aparatının keçmiş rəhbəri, ordunun istefada olan polkovniki Lourens Uilkersenin bəyanatını şərh edərkən deyib.

Deputat onun adi amerikalı və ya sıravi məmur yox, vaxtilə yüksək vəzifəli şəxs olduğunu, birbaşa bu proseslərdə iştirak etdiyini bildirib:

“İndi bu şəxsin söylədiyi odur ki, ABŞ-nin o vaxtkı administrasiyası digər ölkələrin, o cümlədən Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə edirdi. Biz hələ o zaman da bəyan etmişdik ki, ABŞ-nin keçmiş hökuməti buradakı səfiri vasitəsilə birbaşa Gürcüstanın işlərinə qarışır, təkcə qarışmırdı, həm də açıq şəkildə bizə deyirdi ki, hansı qanunu qəbul etməliyik, hansı qanunu ləğv etməliyik və nə desələr, onu etməli idik. Bu, Gürcüstanın işlərinə birbaşa müdaxilə idi.

İndi cənab Uilkersenin söylədikləri bizim o zaman bəyan etdiklərimizin təsdiqidir. Təsəvvür edin: ABŞ-nin keçmiş yüksək vəzifəli rəsmisi bunu canlı efirdə açıq şəkildə təsdiq edir”.

Lourens Uilkersenin Gürcüstanda müzakirələrə səbəb olan açıqlaması belədir: “Biz qəzet redaktorları, nəşrlər, televiziyalar, kommunikatorlar və QHT-ləri elə şəkildə satın alırdıq ki, bunu bilmirdilər. Bunu Gürcüstanda, hər yerdə etdik və çox uğurlu alındı”.