BAKI, 3 dekabr. TELEQRAF

Gürcüstan Aİ rəsmilərindən Tbilisidəki etiraz aksiyalarının dağıdılması zamanı “kamit”dən istifadə edilməsi ilə bağlı səsləndirilən iddialara görə üzr gözləyir.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının bəzi nümayəndələri, Avropa Parlamenti üzvləri və bir sıra QHT-lər Tbilisidə baş verən etiraz aksiyalarının dağıdılması zamanı guya “kamit” adlı kimyəvi maddədən istifadə olunduğunu iddia etmişdilər:

“Artıq bir neçə gün keçib və sübut olunub ki, bu iddialar əsassız və yanlışdır. Məni maraqlandıran odur ki, Avropa Komissiyasının sözçüsü Anita Hipper, Avropa deputatları və bu kampaniyaya qoşulan QHT-lər Gürcüstandan üzr istəyəcəklərmi?”

Papuaşvili bildirib ki, Gürcüstan barədə gerçək olmayan məlumatların yayılması ölkənin beynəlxalq imicinə mənfi təsir göstərir və tərəfdaşların daha məsuliyyətli davranması vacibdir.