BAKI, 3 dekabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan dünən hökumət tərəfindən yayımlanan Qarabağ danışıqlarına dair paketlə bağlı fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Danışıqlar paketi yayımlandı, indi isə eyni, köhnəlmiş narrativlər səslənir. Mən bir şeyi deyim: müxalifət danışıqlar prosesi barədə nə deyir-desin, hörmətli dostlar, 30 ildən artıq hakimiyyətdə olmuşdunuz, belə fürsətlər var idisə, niyə həll etmədiniz? Həqiqətən də, müxalifətin dediyi kimi, Ermənistanın maraqlarına uyğun həll imkanı var idisə, niyə etmədiniz?”, - Paşinyan vurğulayıb.
Həmçinin, baş nazir 2019-cu il sənədinə toxunaraq qeyd edib:
“İndi bizi niyə xəyanətkar adlandırırsınız? Sizdən (Robert Köçəryan və Serj Sərkisyan) böyük satqın yoxdur. Bütün bunlar sadəcə manipulyasiya idi.
2018-ci ildə baş nazir olarkən ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşısında məsələ qoydum, dedim ki, mən başa düşmürəm, bu sənədlərdən hansı indiki danışıqlar prosesinin başlanğıc nöqtəsidir, əvvəlki dövrün yekunu hansıdır, hansı sənəd qısa xülasədir? 2019-cu ilin iyun sənədi bu idi, soruşdum ki, əvvəlki dövrün qısa xülasəsi hansıdır? Bunu əvvəlki dövrün danışıqlar xülasəsi kimi təqdim etdilər və bu kontekstdə də mən sual verdim”.
Ermənistan Baş naziri 2019-cu ilin iyununda təqdim edilmiş təklif ətrafında aparılan danışıqlardan da bəhs edib:
“Bu kontekstdə sual verdim ki, sizin şərhiniz mənə maraqlıdır, bu paketlə Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Çox açıq cavab verildi ki, bəli, əgər Azərbaycan razılaşsa”.
Nikol Paşinyan həmçinin əlavə edib ki, artıq Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı debatlara dəvət etmir: “Niyə dəvət edim? Artıq debat üçün heç nə qalmayıb, oxusunlar, danışsınlar, oxusunlar, danışsınlar”.
Paşinyan vurğulayıb ki, o və komandası Ermənistanı tələ və çıxılmaz vəziyyətdən çıxarıb: “Ermənistanı elə bir yerdən çıxarmışıq ki, bütün istiqamətlərdə ölkənin qarşısında perspektiv açılıb. Artıq Ermənistan və erməni xalqı öz suveren iradəsi ilə qərar verə bilər ki, hansı istiqamətdə inkişafın hansı baxışını seçir”.
Ermənistan Baş naziri onu da qeyd edib ki, danışıqlar paketinin dərcindən sonra danışıqlar prosesi ilə bağlı fikir ayrılıqları bitmiş hesab edilə bilər.
Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb.
Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.