BAKI, 1 dekabr. TELEQRAF
“Artıq Ktriç Nersisyanın (bütün ermənilərin katolikosu II Qareginin) istefasına doğru gerisayım başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Lilit Stepanyan deyib.
“Ondan çox yepiskop və arxiyepiskopun etiraz bəyanatı və baş nazir (Nikol Paşinyan) ilə görüşü proseslərin başladığını göstərir. Vaxt keçdikcə daha çox şeylər üzə çıxır”, - o bildirib.
Deputatın fikrincə, müxalifət II Qareginin maraqlarını müdafiə edir, çünki onların hamısı eyni mənbədən (Rusiyadan) qidalanırlar.
Stepanyan Nikol Paşinyanla görüşən din adamlarının müxalifətin tənqidinə məruz qaldığı halda, II Qareginin qardaşı yepiskop Yezras Nersisyanın Rusiya Prezidenti Vladimir Putindən medal aldıqda eyni tənqidə məruz qalmaması barədə qeyd edib: “Çünki onların Rusiya prezidentinin əməlləri barədə danışmağa cəsarətləri yoxdur. İt itin ayağını dişləməz”.
Həmçinin hakim partiyanın deputatı əlavə edib:
“Qaregin və yaxın çevrəsi erməni kilsəsini “xoxan”a çeviriblər. Robert Köçəryan-Ktriç Nersisyan cinayətkar birliyi erməni xalqına çox ağır bədələ başa gəlib. Ktriç Nersisyan 2026-cı ilə qədər vaxt uzada bilməz”.