BAKI, 18 noyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın seçilməsindən sonra Türkiyə və ABŞ arasındakı təmaslar daha da artıb”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Cənab Prezidentimizlə Prezident Tramp arasındakı yaxın dostluqdan da güc alaraq, münasibətlərimizi strateji baxış və müsbət gündəm ətrafında irəlilə aparırıq. Enerji daxil olmaqla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və ticarət dövriyyəmizin illik 100 milyard dollar hədəfinə çatması üçün səbir və qətiyyətlə çalışırıq.
Həmçinin, müdafiə sənayesi sahəsindəki bütün məhdudiyyətlər və sanksiyaların aradan qaldırılması istiqamətində təşəbbüslərimizi qətiyyətlə davam etdiririk. Cənab Prezidentimizin sentyabrın 25-də baş tutan Vaşinqton səfəri zamanı bu məsələləri ABŞ tərəfi ilə ətraflı şəkildə müzakirə etdik. ABŞ administrasiyasının da eyni iradəyə sahib olduğunu və strateji tərəfdaşlığımızı iki köklü müttəfiqə yaraşan şəkildə bütün sahələrdə irəli aparmağa hazır olduğunu məmnuniyyətlə gördük.
Tramp administrasiyası ilə Qəzzadan Suriyaya, Ukraynadan Cənubi Qafqaza uzanan geniş bir coğrafiyada yaxın dialoq aparırıq”, - o bildirib.