BAKI, 18 noyabr. TELEQRAF
“Əgər forumun məqsədi Avropa İttifaqının genişlənməsidirsə, onda niyə islahatları həyata keçirməkdə və ən yaxşı prinsipləri tətbiq etməkdə öncül rol oynayan ölkəni – Gürcüstanı ora dəvət etmirlər?”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani ölkəsinin Avropa İttifaqının Genişlənmə Forumuna dəvət olunmaması barədə danışarkən deyib.
Vitse-spikerin fikrincə, bu durumun yalnız bir izahı var: qərəzli yanaşma və Gürcüstana siyasi cəza vermək istəyi.
“Əgər Avropa İttifaqı həqiqətən genişlənmək istəyirsə, Gürcüstan həmin unikal imkanlara malik ölkədir ki, illər boyu çox iş görüb, namizəd ölkələr arasında ən yaxşı statusu qazanıb, Aİ səviyyəsində müxtəlif sahələrdə öncül olub - iqtisadi inkişaf, korrupsiyaya qarşı mübarizə və sair. Əgər forumun məqsədi Aİ-nin genişlənməsidirsə, onda niyə o ölkə dəvət edilməməlidir ki, islahatların aparılması və ən yaxşı prinsiplərin tətbiqində flaqman rolunu oynayır? Bütün bunların yalnız bir izahı var: qərəzli yanaşma və Gürcüstana siyasi cəza vermək istəyi. Hər bir gürcü bilir ki, illərdir Gürcüstan ona görə cəzalandırılır ki, istədikləri qruplaşmanı hakimiyyətə gətirə, Rusiya-Ukrayna müharibəsi zamanı reallaşdırmaq istədikləri siyasəti (Gürcüstanı savaşa cəlb etmək məqsədini) yerinə yetirə bilmirlər”, - Nino Tsilosani vurğulayıb.