BAKI, 17 noyabr. TELEQRAF
Gürcüstan hakimiyyəti 2022-ci ildə Avropa İttifaqının tövsiyəsi ilə yaradılan Antikorrupsiya Bürosunu ləğv edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.
“Təşəbbüsə əsasən, 2026-cı il martın 2-dən etibarən Antikorrupsiya Bürosu fəaliyyətini dayandıracaq və qurumun bütün funksiyaları Dövlət Audit Xidmətinə veriləcək”, - o qeyd edib.
Qeyd edək ki, Avropa İttifaqının tövsiyəsinə əsasən yaradılan Gürcüstan Antikorrupsiya Bürosu 2023-cü ilin martında formalaşdırılmışdı. Qurumun əsas məqsədi korrupsiyaya qarşı mübarizə siyasətini koordinasiya etmək, məmurların gəlir bəyannamələrinə nəzarət və digər profilaktik funksiyaları yerinə yetirmək idi.
Lakin Büronun istintaq səlahiyyətinə malik olmaması, yüksək səviyyəli korrupsiya faktlarına müdaxilə imkanlarının məhdudluğu və müstəqilliyinə dair suallar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə tənqid olunub. Avropa İttifaqının son hesabatlarında qurumun səmərəliliyinin zəif olduğu vurğulanıb.
Məhz bu səbəblərdən Gürcüstan hakimiyyəti Antikorrupsiya Bürosunun ləğvi ilə bağlı qərar qəbul edib və anti-korrupsiya sahəsində institusional dəyişikliyə gediləcəyi açıqlanıb.