BAKI, 6 noyabr. TELEQRAF

“Tramp yolu” (və ya Zəngəzur dəhlizi) region üçün mühüm təşəbbüsdür, amma bu, Gürcüstandan keçən mövcud marşrutların potensial rəqibidir”.

Teleqraf xəbər verir ki, bunu gürcü ekspert Paata Saqareişvili deyib.

Ekspertin sözlərinə görə, layihə hansı yük axınlarının yeni marşruta yönəldilə biləcəyini müəyyən etmək üçün ətraflı təhlil tələb edir: “Hazırda hansısa yekun nəticə çıxarmaq hələ tezdir”.

Saqareişvili qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyə üçün sərfəli ola bilər: “Bu ölkələr gömrük siyasəti və daşımaların həcmini tənzimləmək imkanı əldə edəcəklər, çünki hər iki dəhliz Qars şəhərində kəsişir. Bu isə onlara əlavə üstünlük qazandırır”.

O həmçinin bildirib ki, Gürcüstan əvvəlcədən logistika axınlarında mümkün dəyişiklikləri qiymətləndirməli, infrastrukturunu uyğunlaşdırmalı və nəqliyyat marşrutlarının rəqabət qabiliyyətini qorumağa çalışmalıdır.

“Tramp yolu” Cənubi Qafqazda yükdaşıma balansını dəyişə bilər”, - Paata Saqareişvili əlavə edib.

Qeyd edək ki, bu, gürcü ekspertin məsələ ilə əlaqədar ilk belə açıqlaması deyil. O, dünən İrəvanda iştirak etdiyi beynəlxalq tədbirdən sonra söyləmişdi ki, Gürcüstan Azərbaycan, Türkiyə və Ermənistan arasında yeni nəqliyyat marşrutlarının açılmasından sonra tranzit yüklərinin 20 faizədək hissəsini itirmək riski ilə üzləşə bilər:

“Ermənistanla Azərbaycan arasında yeni istiqamətlərin açılması qaçılmaz olaraq Gürcüstan üzərindən keçən yük axınını azaldacaq, itkilər təxminən 1,5-2 milyon ton səviyyəsində ola bilər. Bu rəqəm Orta Dəhliz üzrə tranzit yük axınının 15-20 faizinə bərabərdir. Hazırda Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyasda itkilər son dərəcə ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər”.