BAKI, 5 noyabr. TELEQRAF

Ermənistan Azərbaycanın əleyhinə beynəlxalq məhkəmələrdə irəli sürdüyü iddiaları geri çəkmək qərarı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiyə qədər heç bir məhkəmə iddiası geri götürülməyib və bu barədə müzakirə aparılmır:

"Nə mənim dövrümdə, nə də məndən əvvəl belə addım atılmayıb. Belə müzakirə də yoxdur. Əgər hər hansı dəyişiklik olsa, media dərhal məlumatlandırılacaq".

Karen Andreasiyan Ermənistanla Azərbaycan arasında Vaşinqtonda paraflanmış sülh sənədində iddiaların geri çəkilməsi ilə bağlı müddəanın mövcudluğu barədə suallara cavab verərək bildirib ki, bu istiqamətdə hər hansı rəsmi təklif almayıblar:

"Hökumət və ya digər dövlət qurumları belə bir qərar qəbul edərsə, bu barədə əvvəlcədən məlumat veriləcək. Hazırda məhkəmə proseslərindən imtina üçün heç bir əsas yoxdur".

Xatırladaq ki, sülh sənədinin 15-ci maddəsində tərəflərin sənəd qüvvəyə mindikdən sonra bir ay ərzində qarşılıqlı iddiaları beynəlxalq instansiyalardan geri çəkməsi müddəası yer alır.