BAKI, 5 noyabr. TELEQRAF
Noyabrın 10-da İrəvan Cinayətlər Məhkəməsində 24 il əvvəl baş vermiş Poqos Poqosyanın qətli işi üzrə məhkəmə iclası davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
İctimai ittiham tərəfi məhkəməyə iki - məhkəmə-tibbi ekspertizasının yenidən aparılması və meyitin eksqumasiyası barədə vəsatət təqdim edib. Həmin gün məhkəmə qərar verməlidir: prokurorun vəsatətlərini təmin edəcək, yoxsa rədd edəcək.
Poqos Poqosyan 2001-ci il sentyabrın 25-də İrəvanda öldürülüb. Həmin gün Ermənistanın o zamankı prezidenti Robert Köçəryan erməniəsilli fransalı müğənni Şarl Aznavurla birlikdə “Araqast” kafesində olub. İstintaq materiallarına görə, Poqosyan prezidenti görərkən “privet, Rob” deyib, bundan sonra Köçəryanın mühafizəçiləri onu ayaqyoluna apararaq döyüblər. Hadisə Poqosyanın ölümü ilə bitib.
O zaman hüquq-mühafizə orqanları hadisəni “ehtiyatsızlıqdan adam öldürmə” kimi qiymətləndiriblər və Köçəryanın mühafizəçisi Aqamal Arutyunyan şərti azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.
Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra cinayət dosyesi yenidən açılıb, hadisənin şahidi, xarici vətəndaş Stiven Nyutonun məktubu yeni ortaya çıxmış fakt kimi qəbul olunub və bu əsasla istintaq davam etdirilir. Ermənistanın hakim partiyasının üzvləri qətli şəxsən Robert Köçəryanın özü ilə əlaqələndiriblər. Prosesin onun həbsinə qədər uzanıb-uzanmayacağı bəlli deyil.