BAKI, 20 oktyabr. TELEQRAF

“Almaniya səfiri Piter Fişerin radikallaşmaya təşviq edən dağıdıcı iştirakı olub. Alman diplomat Gürcüstanda radikal gündəmin hazırlanmasında iştirak edib”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avropaya inteqrasiya Komitəsinin sədri Levan Maxaşvili bildirib.

Maxaşvili səfirin Almaniya Xarici İşlər Nazirliyi tərəfindən məsləhətləşmələr üçün geri çağırılmasını belə şərh edib:

“Bu qərarın bir çox səbəbi ola bilər, amma fakt birdir: bu şəxs Gürcüstanda radikal gündəmin yaradılmasında iştirak edib. Bu prosesin kulminasiya nöqtəsi müxalifət liderlərindən birinin əmlakını (bu məqsədlə ona) icarəyə verməsidir, bu, alman standartları ilə tamamilə ağlasığmazdır. Almaniyada nəinki siyasətçi, hətta siyasətlə əlaqəsi olan bir şəxslə belə maddi münasibət qurmaq olmaz. Bu da Bundestaq, eləcə də səfirlik və Almaniya Xarici İşlər Nazirliyində suallar yaradıb. İndi bu proses araşdırılır. Amma bilmirəm, buna “araşdırma” demək olar, yox, hər halda onun fəaliyyəti araşdırma mövzusudur.

Bu fonda Almaniya səfirinin geri çağırıldığını görürük. Cəmiyyətin özü qərar versin: bizim tənqidlərimiz əsassızdır, yoxsa onun geri çağırılmasının müəyyən səbəbi var?”.

Maxaşvili əlavə edib ki, Almaniya Xarici İşlər Nazirliyinin qərarına ehtiyatlı optimizmlə yanaşırlar: “Ümid edirik ki, bu, münasibətlərin yenidən qurulmasının başlanğıcı olacaq”.