BAKI, 9 oktyabr. TELEQRAF
Malta baş nazirinin müavini və xarici işlər naziri Yan Borq iki həftə əvvəl Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp ilə görüşü zamanı onu sülh üzrə Nobel mükafatına namizəd göstərdiyini bildirib.
Teleqraf xəbər verir ki, nazir sosial mediadakı bu barədə paylaşımında ABŞ liderinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasını da xatırladıb.
“2024-cü ildə ATƏT-ə sədrlik edən şəxs kimi mən bir çox insanla birlikdə Ermənistan və Azərbaycan arasında münaqişənin həlli və sülhün əldə olunması istiqamətində çalışdım. Nəhayət, bu sülh bu yay ABŞ prezidentinin vasitəçiliyi ilə əldə edildi. Mən ABŞ prezidentinə öz adımla yazılmış məktubu təqdim etdim və orada bir çoxları kimi mən də onu sülh üzrə Nobel mükafatına namizəd göstərdiyimi bildirdim”, – Yan Borq yazıb.