BAKI, 9 oktyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında artıq sülh bərqərar olub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə “Global Gateway” beynəlxalq forumunda çıxışı zamanı bildirib.
Baş nazir xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə, Ermənistan və Azərbaycan regional infrastrukturun açılması barədə razılığa gəlib. Onun sözlərinə görə, bu razılaşma ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əsaslanır.
Nikol Paşinyan əlavə edib ki, Ermənistan və ABŞ üçüncü tərəflərlə birgə “Tramp yolu” adlı layihəni həyata keçirəcəklər, bu təşəbbüs regionda və onun hüdudlarından kənarda əlaqələnməni yaxşılaşdıracaq.
“Müasir tarixdə ilk dəfədir egionumuz siyasi və logistika baxımından öz istifadə olunmamış potensialını açmağa, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz əlaqəyə inteqrasiya olmağa hazırdır”, – o qeyd edib.