BAKI, 7 oktyabr. TELEQRAF

“Gürcüstan hakimiyyəti bəzi Qərb ölkələrinin səfirlərinin ölkədən çıxarılmasından çəkinir, baxmayaraq ki, onların hərəkətləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir”.

Teleqraf xəbər verir ki, bu barədə parlamentdəki hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri İrakli Kirtsxaliya açıqlama verib.

Onun sözlərinə görə, xüsusən Ukraynada müharibənin başlanmasından sonra Gürcüstanda akkreditə olunmuş bəzi Qərb səfirlərinin, o cümlədən bir sıra Avropa və Avropa İttifaqı ölkələrinin nümayəndələrinin davranışları diplomatik çərçivələri aşaraq, dövlətin daxili işlərinə açıq müdaxilə xarakteri daşıyır:

“Cəmiyyət haqlı olaraq hökumətdən bu cür qeyri-diplomatik və dost olmayan davranışlara qarşı tədbir görməsini tələb edir. Amma hakimiyyətin səbirli siyasət yürütməsi və kəskin addımlardan — səfirlərin ölkədən çıxarılması qərarından çəkinməsi səbəbsiz deyil”.

Kirtsxaliya qeyd edib ki, səfirlərin çıxarılması halında bu, bir sıra diplomatik gərginliklərə və münasibətlərin pisləşməsinə gətirib çıxara bilər:

Oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri günü müxalifətin mitinqi baş tutub. Təşkilatçılar hakimiyyətin devriləcəyini bəyan edib və prezident sarayını ələ keçirməyə çağırıblar. Etirazçılar prezident iqamətgahına doğru hərəkət edərək hasarları dağıtmağa cəhd ediblər, amma xüsusi təyinatlı qüvvələr su şırnaqları və gözyaşardıcı qaz tətbiq etməklə kütləni dağıdıb.

Hakimiyyət nümayəndələri Qərb səfirlərini radikal müxalifləri dəstəkləməkdə ittiham ediblər. Bəzi səfirlər isə aksiyadan əvvəl müxalifət liderləri ilə görüşlər keçirib, bu da hökumətin narazılığına səbəb olub.