BAKI, 6 oktyabr. TELEQRAF

“Məni Avropa İttifaqının seçkilər haqqında nə düşündüyü yox, gürcü xalqının seçimi maraqlandırır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.

“Avropa İttifaqı məni qətiyyən maraqlandırmır, mən əlahəzrət gürcü xalqı ilə maraqlanıram. Siz bir şeyi başa düşməlisiniz: bu ölkənin idarəçiləri adi vətəndaşlardır, gördüyünüz adamlardır, ölkənin xalqıdır, kənardan kimsə yox. Bunu unutmayın. Bu ölkəni yalnız və müstəsna olaraq, əlahəzrət gürcü xalqı idarə edir”, - Kaxa Kaladze bildirib.

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ittifaqın genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Gürcüstanda seçkilər müxalifətin geniş şəkildə sıxışdırıldığı bir mühitdə keçirilib: “Bütün siyasi aktorlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konstruktiv və əhatəli dialoq zəruridir və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”.