BAKI, 6 oktyabr. TELEQRAF

“Brüssel (Avropa İttifaqı) tərəfindən siyasi yetkinliyin yeganə düzgün təzahürü Gürcüstandan üzr istəmək olardı”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili deyib.

Komitə rəhbəri Avropa İttifaqının oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı bəyanatını biabırçılıq adlandırıb:

“Bu gün Avropa İttifaqının üzrxahlığı barədə danışmaq istərdim. Bu, Brüsselin siyasi yetkinliyinin yeganə düzgün təzahürü olardı. Bunun əvəzinə, Brüsseldən gələn bəyanat “öz başına kül səpməyə” bənzəyir. Avropa Komissiyasının mətbuat katibi dövlət çevrilişini dəstəkləyən şəxs deyildimi? Təəssüf ki, Brüsselin bu bəyanatları xarab olmuş maqnitofonu xatırladır – kaset dolaşanda onu neçə dəfə işə salsan da, eyni şeyi təkrarlayır.

Onlar nə qədər çox başlarına kül səpib radikal müxalifəti müdafiə etsələr, Gürcüstan xalqına gedən yoldan bir o qədər çox uzaqlaşacaqlar. Buna görə də seçim onlardadır. Görünür, bir çoxlarına məğlubiyyəti etiraf etmək çətindir, xüsusilə də özlərini güclü tərəf kimi hiss edənlər üçün. Onlar bir sıra səhvlərə yol verdilər — səhv təşkilatlara, səhv partiyalara arxalandılar, buna görə də acı məğlubiyyətə uğradılar və indi bu məğlubiyyəti qəbul etmək onlara çətindir”.

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ittifaqın genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Gürcüstanda seçkilər müxalifətin geniş şəkildə sıxışdırıldığı bir mühitdə keçirilib: “Bütün siyasi aktorlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konstruktiv və əhatəli dialoq zəruridir və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”.