BAKI, 5 oktyabr. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bələdiyyə seçkilərinin keçirildiyi gün müxalifət nümayəndələrini ölkə daxilində "Maydan" təşkil etməkdə günahlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Baş nazirin sözlərinə görə, "hakimiyyəti devirmək" cəhdi uğursuzluqla nəticələnib.

Kobaxidze xatırladıb ki, son dörd il ərzində bu, Gürcüstan ərazisində "Maydan" təşkil etmək üçün artıq beşinci cəhddir:

"Dörd il ərzində "natsilər" (Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkatı" partiyasına görə müxalifətin ümumiləşdirilmiş adı - red.) artıq beş dəfə hakimiyyəti devirməyə, "Maydan" qurmağa cəhd etdilər".

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib, vətəndaşlar şəhər və bələdiyyələrin merlərini, eləcə də şəhər məclislərinin deputatlarını seçiblər. Bunun fonunda Tbilisidə müxalifətçilər etiraz aksiyası təşkil ediblər, bu da polislə toqquşmaya çevrilib. Nəticədə gözyaşardıcı qaz tətbiq olunub və xəsarət alanlar olub.

Mitinqlərə səbəb "Gürcü Arzusu" partiyasının seçkilərdə qələbə qazandığını bəyan etməsi və Avropaya inteqrasiya kursunu dayandırması barədə qərarı olub.