BAKI, 4 oktyabr. TELEQRAF
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə planlaşdırılan nümayişin təşkilatçılarından biri Paata Burçuladze mitinqin təşkilat komitəsini təqdim edib.
Teleqraf xəbər verir ki, komitəyə onunla yanaşı, İrakli Nadiradze, Murtaz Zodelava, Laşa Beridze və Paata Mancqaladze daxildir.
“Bunu təşkil edən bizik. Hər kəsdən xahiş edirəm, növbəti addımları atan özümüz olmalıyıq, hamımız onların ardınca getməliyik, bizi qələbəyə onlar aparacaqlar. Sona qədər mübarizə aparın. Bayraqları unutmayın, qələbə bizimdir”, - Paata Burçuladze bildirib.
Müxalif siyasətçi hakim “Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvili və komandası üzərində qələbə qazanacaqlarını vurğulayıb.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Həmin gün müxalifət hökuməti dinc yolla devirmək məqsədi ilə Tbilisinin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Gürcüstan hakimiyyəti etiraz aksiyasının təşkilatçılarına dəfələrlə xəbərdarlıq edib ki, pozuntulara görə qanunun ən yüksək həddi ilə cəzalandırılacaq.
Keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və digər partiya təmsilçisi, Tbilisi şəhər şurasının üzvü Zviad Kuprava hökumətin devrilməsinə çağırışlara görə həbs edilib.