BAKI, 3 oktyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Ermənistanı “Albaniya”, Nikol Paşinyanın “o biri oğlan” adlandırması Ermənistan ictimaiyyətini qətiyyən maraqlandırmır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.
“ABŞ prezidentinin dili sürüşdü, hətta Azərbaycanı da “Kamboca” adlandırdı. Bu, dil sürüşməsidir”, - o parlamentdə keçirdiyi brifinqdə bildirib.
Ovannisyanın sözlərinə görə, bu məsələnin Ermənistanın gündəliyi ilə heç bir əlaqəsi yoxdur.
“Cəmiyyətimiz qətiyyən maraqlanmır. Xahiş edirəm, Ermənistanın gündəmindən, vətəndaşların və dövlətin maraqlarından irəli gələn suallar verin”.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz rolundan danışarkən, Ermənistan Baş naziri Nikol Paşinyanın adını unudub: “Azərbaycan dövlət başçısı və o biri oğlan...”.