BAKI, 3 oktyabr. TELEQRAF

“Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bəyannaməni imzalayıb, həmin sənədə ABŞ Prezidenti Donald Tramp da şahid qismində imza atıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri “TVP World” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu bəyannamədə liderlər bir sıra çox vacib məsələlərdə razılığa gəliblər:

“Həmçinin Azərbaycan xarici işlər naziri Bayramov və mənim sülh müqaviləsini paraflanmasının şahidi olduq. Bu, özlüyündə çox ciddi bir mərhələdir. Bundan əlavə, bəyannamədə liderlər kommunikasiyalar məsələsinin tənzimlənməli olduğu fundamental prinsiplər barədə razılığa gəldilər. Mən Ermənistanla Azərbaycan arasında nəqliyyat infrastrukturunun blokdan çıxarılmasını və yenidən açılmasını, tranzit əlaqələrinin bərpasını nəzərdə tuturam.

Bu prinsiplər bunlardır: ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının, ölkələrin suverenliyinin tanınması, habelə inşa olunacaq və bərpa ediləcək keçidlər və infrastruktur üzərində milli yurisdiksiyanın tanınması.

Dediyim kimi, sülh müqaviləsi artıq paraflanıb. Mətn bu ilin martında yekunlaşdırılıb, indi isə paraflanıb. O müqaviləni mümkün qədər tez imzalamağa hazırıq.

Bununla belə, hələ sülh müqaviləsinin yekun imzalanma mərasiminə qədər, imzalanmadan əvvəl artıq başlamış və ya ola biləcək proseslər var. Məsələn, biz bir-birimizə qarşı daha dözümlü olmağın mümkünlüyünü, hətta beynəlxalq platformalarda daha çox əməkdaşlıq perspektivlərini müzakirə etmişik”.